QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC

Haradandır bu hıçqırıq neydə ki?
Şirinləşdi dilim bu gileydə ki.
Tənha quşdan qatar olmaz Göydə ki,
Durnaları sevdim dəstə şəklində.

Xatirənlə oynayıram “gizlən-qaç”,
Gəl saçına düyün vurum,sən də aç.
Qapımıza elçi düşüb ehtiyac,
Bir ala göz,boyu bəstə şəklində.

Gördüm yolum dirənibdir yoxuşa,
Pöhrə oldum sığındığım koğuşa.
Hər gün səni nəzmə çəkdim,ay Şuşa,
İtgin düşmüş bir “Şikəstə” şəklində…

KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ

Kim sənə oxşayıb, sevmişəm elə,
Kim sənə oxşayıb, bir tutmuşam mən.
Hər gün bu sevdanı nəzir eləyib,-
Sənu ürəyimdə pir tutmuşam mən.

Hicrandır sevginin əli-ayağı,
Əlsiz-ayaqsızlar neynir dayağı?!
Dinsəm, açılacaq gülləsayağı,
Dilimin ucunda sirr tutmuşam mən.

Hələ yaxınlar var bizdən uzaqda,
Yol dara şəkilib izdən uzaqda.
Bir dağam könüldən, gözdən uzaqda,
Gör belə nə gözəl qar tutmuşam mən.