İlana yağıştək ələnir lənət,
Ağı da qaraya qurban verilir.
Dar gündə çoxları aradan çıxır,
Qalanlar araya qurban verilir.
Sırsıra bağlayır yenə ayazlar,
Sizi kim qurtarar burdan, ay azlar?!
Getdikcə seyrəlir həzin avazlar,
Quru bir haraya qurban verilir.
O kimdi – kəməndə dilindən düşür?
O kimdi – kəməri belindən düşür?
Fərhadın külüngü əlindən düşür,
Xançoban Saraya qurban verilir.
Yaşamaq bihudə, ölmək bihudə,
Nədən gəlib çatdıq, Tanrım, bu həddə?!
Allaha qovuşan bir mücahid də,
Bilmir ki, haraya qurban verilir.
Bir çirkab cəngində on saflıq girov,
İnsaflıq nə qalıb? – insaflıq girov.
İman, mənəviyyat, din, saflıq girov, –
Çirkli bir paraya qurban verilir.