tm

DÜNYANIN ÖZÜ DƏ QƏRİBƏ DÖNƏR

Bir ömrə məhəbbət gətirsən, əgər,
Sevgi mələkləri çiyninə enər.
Sevdiyin birini itirsən, əgər ,
Dünyanın özü də qəribə dönər.

Doğma ocağın da üşüdər səni,
Ürəyin çırpınar, rahatlıq tapmaz.
Daha unudarsan deyib – gülməni,
Xəyal kəhər olmaz, dördnala çapmaz.

Yığıb da üstünə dərdi, kədəri,
Şux qəddini əyilər, bənzər kamana.
Ha sızla, ha çağır tale, qədəri,
Arzular puç olar dönər gümana.

Sevgi müxtəlifdi, yanğısı ayrı,
Sevdiyin kəslərə sevgini qoru.
Döyülmüş ürəyə, qəlbə əyarı,
Onu ordan silmək əlacsız soru.

Sevdiyin yoxdursa, sevənin yoxsa,
Sevgisiz ürəyin bir ovuc torpaq.
Tumurcuq budaqda yer etsə, çıxsa,
Günəşə sevgisiz göyərməz yarpaq.

19. 04. 2016

AYAQLARDAN DAŞ ASILIB

Dəyişdin sən, niyə, bilməm,
Dəydi sənə hansı kəlməm,
Sındı ürək daha gəlməm,
Ayaqlardan daş asılıb.

Qısa oldu sevinc dəmi,
Sevim gərək dərdi, qəmi,
Gilələnir qəmin nəmi,
Didələrdən yaş asılıb.

İçimdə qış, çölümdə yaz,
Könül gülün vurmuş ayaz,
Alın qırış, saçda bəyaz,
Kipriklərdən qaş asılıb.

Qəlbi çırpdın daşa nədən,
Daha gəlməz məndən gedən,
Ruhum uçmuş, qalmış bədən,
Çiyinlərdən baş asılıb.

18. 04. 2016