NƏ YARDAN, NƏ YAZDAN HƏLƏ DOYMAYIB
Arılar firlanır, gülləri qucur,
Çiçəklər naz ilə açır ağzını.
Arılar yorulmur, hey uçur, uçur,
Çəkir çiçəklərin qəmzə – nazını.
Sən mənim budaqda açan gülümsən,
Dolannam başına, heç yorulmaram.
Sən mənim ağzımda dinən dilimsən,
Bir ömür vəsf etsəm, heç yorulmaram.
Bahar təravəti içimə dolmuş,
Ətiri dindirir, eşq, sevda deyir.
Könlüm çiçəkləmiş bir bahar olmuş,
Nazəndə gözəllər lıçəyin əyir.
Təbiətdə bahar, qəlbimdə yazdı,
Könlüm öz yarımda, yada uymayıb.
Goruslu dözmədi, yenə də yazdı,
Nə yardan, nə yazdan hələ doymayıb!
16. 04 2016
NƏ OLUR
Bahar təravətli könlün səması,
Bir sevda oyadır ruhun təması,
Bu eşqin, sevginin yoxdur əmması,
Əllərim əlinə yetsə , nə olur!
Nə olar bir anlıq görsəm üzünü ,
Nə olar eşitsəm yarım sözünü,
Nə olar bulaqtək öpsəm gözünü,
Surətim zülfündə itsə, nə olur!
Ülvi məhəbbətin bahar çağında,
Bir vüsal güllənir sevda tağında,
Nə olar zövq alsam sevgi bağında,
Bülbül gülüstanda ötsə, nə olur!
Nə olar dolaşsaq eşq yollarında,
Nə olar görünsəm sağ – sollarında,
Nə olar uyusam o, qollarında,
Bir ömür vəslinlə bitsə, nə olur!
15. 04. 2016