Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

sən, nəmli gözlərimin çəkdiyi yolsan,
sən mənim səssizcə zümzümələrim…
sən, yorğun qəlbimin son pənahısan,
sən mənim sonuncu dayanacağım…

pəncərə önləri sevmədiyimdir,
soyuq şüşələrdə donar göz yaşım.
Qış bəhanədir… soyuq nədir ki?!
Məni üşüdəndir sənli yaddaşım…

deyirəm dünyanın tonu dəyişsə,
ürəklər sinədən imtina etsə,
hər ürək bir qanad taxıb səmada,
qayğısız, kədərsiz əl-ələ versə…

bax belə… uşaqca ümidlərim var,
heç vaxt dinməyəcək susqun taleyim.
parça-parça olmuş xəyallarım və…
Və məndən uzaqda yaşayan Sənim…

2019.