“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Külək əsir
Külək əsir.
Buludları qova-qova,
Pəncərəmi döyə-döyə,
Evimdəki sənsizliyə
Külək əsir.
Yolu uzanır yolların,
Gedir, gedir, sənə çatmır.
Ömrüm ürəyimdən keçən
Günə çatmır…
Kim qoydu günəşin altda
Bu yolları, küçələri?
İlahi, bir yağış yağdır,
Yu qaralmış gecələri.
Hərə bir yerdən tutur yaşamaq üçün.
Mən də bir az oğlumdan,
Bir az da qızımdan tutdum…
Yanağımın nəm tərəfindən keçdi
Bütün gedənlər.
Bəlkə elə ona görə “soyuqladılar”,
Soyudular belə…
Sonra hisslərimə azadlıq vermədim,
Bütün duyğularımı
Ürəyimin çərçivəsində kiçiltdim…
Ömrümün qum saatından
Kimlər boşalmadı ki.
Və dönüb tanrıya baxdım:
“İlahi, olmadı ki!”