“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

“Sən şagird ol, mən müəllim”…

Gəl, sənə bir dərs keçim…
“Sən şagird ol, mən müəllim”…
Bura Gəncədir…
Yeri-yurdu gencədir…
Bilirsənmi? İndi Gəncə düzündə
Lalələr tək-tək bitir?
Lalələrin yanıq bağrı
Şəhid məzarlarındakı
qırmızı-qaralı lentlər fonunda itir…
Bilirsənmi? İndi Gəncədə
universitetlərin qabağında oğlanlar dəstə-dəstədir…
Dərs qurtarınca bu dəstəyə al-əlvanlıq qarışır…
Xan bağı “sevgililərlə” coşur-daşır…
Bilirsənmi?
Gəncədə hündürdaban ayaqqabılar yaman bahadır…
Burda qızların çoxu boyu bəstədir…
Burda insanların xəstəxanası var,
Amma, bilən yoxdur ki, ağaclar daha xəstədir…
Gəl, sənə bir söz deyim…
“Sən şagird ol, mən müəllim”…
Burda “çoxbilmiş” biri var…
Ayrılıqdan qorxaraq
açmamış solan çiçəklərlə
Gözündəki yaşları silmiş biri var…
Bu gün axtardım onu…
Gəncənin ən romantik küçəsiylə getdim…
Getdim “Keçmiş Sabir küçəsi”ni…
Orda neçə xatirənin bahar nəfəsini duydum…
Neçə ayrılığın ayaq səslərini eşitdim…
Axtardığım “çoxbilmiş”i,
Arzularından itmişi
Çantamdan çıxardığım kiçik güzgüdə gördüm….