Polad SABİRLİ(Polad Hüseynqulu oğlu Sabirli) 1973-cü il aprel ayının 6-da Ağsu rayonun Keçdiməz kəndində dünyaya gəlib. Orta təhsilini Bico kənd orta məktəbində alıb.Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində şeirləri dərc olunub. “Poeziyalı ömrüm” adlı ilk şeirlər kitabı 2001-ci ildə oxucuların ixtiyarına verilib. Ailəlidir.iki övladı var. Şeirə, poeziyaya maraq hələ uşaq yaşlarından başlayıb. Məktəb illərində Ağsu rayonunda dərc olunan “Birlik” qəzetində bir sıra şeirləri dərc olunub. Sumqayıt şəhərində yaşayır.
YOXDUR
Yanırsan alovun, odun içində,
Tüstün də görünmür, külün də yoxdur.
Amanın içində, dadın içində,
Dinib danışmağa dilin də yoxdur.
İtirdin kələfin ucunu yaman,
Bürüyüb qəlbini çiskin, çən, duman.
Bu taledən aman, qismətdən aman,
Uzadıb pozmağa əlin də yoxdur.
Nə fayda sonrakı peşmanlığından,
Büküldü belin də cavanlığından.
Bu necə sevgidir yamanlığından,
Xoş keçən ayın da, ilin də yoxdur.
Öz əlinlə vurdun qəlbinə yara,
İndi də düşmüsən çətinə, dara.
Sevgi bağçasından verməyə yara,
Çiçəyin də yoxdur, gülün də yoxdur.
Xoşbəxtlik dilədim sənə Allahdan,
Hifz etsin qorusun səhvdən, günahdan.
Qüssədən, kədərdən, amandan, ahdan,
Ağardı bir qara telin də yoxdur.
Kim bilir, kim tapan, kimdir itirən,
Allahdır qisməti bizə yetirən.
Sənə dəyər verən, şərəf gətirən,
Polad kimi sevən dəlin də yoxdur.
27.04.2013
HAQQA ÇAĞIRIRAM YOL AZANLARI
Sevilmək insanın öz əlindədir,
Ağsaqqal demərəm saqqalı ağa.
Böyüklük qəlbində, əməlindədir,
Ağadan qul olmaz, quldan da ağa.
Heç kimi dəyişmək istəmirəm mən,
İstəmirəm dönüb mən deyən olsun.
Haqqa çağırıram yol azanları,
Dili haqq danışan, haqq deyən olsun.
Bəzən düşmən olur həm doğma, həm yad,
Düzə düz deyəndə, səhvi dananda.
Qalmayır həyatda nə ləzzət, nə dad,
Adam nahaq yerə oda yananda.
Əbəsdir nadana haqqa gəl demək,
Ay Polad, zəhmətin getməsin hədər.
Yoldan azanları düz yola çəkmək,
Çətindir iynəylə gor qazmaq qədər.
15.07.2014
BƏHANƏ ELƏMƏ
Baş dəyirsə daşdan-daşa,
Daşı bəhanə eləmə.
Dildən bəla gəlsə başa,
Başı bəhanə eləmə.
Damağının dadı yoxsa,
Günahının sayı çoxsa,
Qaşığında nəsə çıxsa,
Aşı bəhanə eləmə.
Baş görünsə ayaq sənə,
Kim olacaq dayaq sənə.
Dərs verirsə uşaq sənə,
Yaşı bəhanə eləmə.
Çörəyi ye mərd əlindən,
Polad, vətən, yurd əlindən.
Saralırsan dərd əlindən,
Qışı bəhanə eləmə.
12.08.2015
TOPA-TOPA
Sığınmışam söz dağına,
Sözdən qala yapa-yapa.
Şama dönüb əriyirəm,
Kəsərli söz tapa-tapa.
Nə yanıb, nə yaradılar,
Kömək umub aradılar.
Yaman deyib daradılar,
Sağa-sola sapa-sapa.
Haramzadə çox qudurdu,
Matım-qutum lap qurudu.
Mənəm-mənəm dedi durdu,
Yan-yörəni qapa-qapa.
Nur almışam ziyasından,
Yoğrulmuşam mayasından.
Ruhuma söz – qayasından,
Elə gəlir qopa-qopa.
Dartıldıqca söz kamanı,
Polad, ona ver amanı.
Bilmirəm bu dərd-dumanı,
Nə yığılıb topa-topa.
23.09.2015