Əsir edib istəkləri,
sındırıb çox ürəkləri,
görməz olub gerçəkləri
səni gözlədim.
Kölgələnmiş aya döndüm,
sıralandım, saya döndüm,
toy-büsatdım, vaya döndüm,
səni gözlədim.
Gəzən səda-soraq olub,
gözü itmiş bulaq olub,
yaxınlara uzaq olub
səni gözlədim.
Damla olub dolan gözdə,
söhbət olub dildə, sözdə,
baxış qoyub yolda, izdə
səni gözlədim.
Ucalardan enmədin sən,
daşa döndün, dinmədin sən,
nələr çəkdim… bilmədin sən…
səni gözlədim.