Yenə gözüm su içmir,
həyat donub elə bil.
Məndəki bu səssizlik
xeyir əlamət deyil…
Keçdi ömrün yarısı,
yarı yaşa yetişdim.
Kal günlər, kahal günlər
gəldi başa, yetişdim.
Gözümə işıq oldu,
ömrümə çıraq adam,
Gördüyüm yuxulardan
çin çıxan qonaqadam.
İşə gedirəm hər gün,
çıxır yoluma yenə.
Evimə dönən zaman
qapımı açır mənə.
Həm kədərdir, həm ağrı,
həm min dərdə dəvadır.
Yastığımda göz yaşı,
əllərimdə duadır…
Həm yuxudur, həm həyat,
həm su, hava, yer, göy O…
Nə sirr, möcüzədirsə,
hər şey Odur, hər şey O…