QAPIMI DÖYMƏMİŞ AÇAN ADAMLAR
Gözlərim diksindi yağış səsinə,
Yağış da kəsmir ki,gözüm isinə.
Sığınar ruhumun can qəfəsinə,-
Qapımı döyməmiş açan adamlar.
Qərib beşiyidir açdığım qucaq,
Qürbətdə köz tutmaz yanan hər ocaq.
Gör neçə bədəni başsız qoyacaq,-
Başını götürüb qaçan adamlar.
Gəl ayaq izini yolumdan dər də,
Dünya cənnət olsun qoy bu xəbərdə.
Tikər yuvasını sevən qəlblərdə,-
Eşqdən qanadlanıb uçan adamlar.