HƏLƏ
Bəxtimin ulduzu bu sevimli qız,
Neyləyim əzəldən nazlıdır belə.
Yerişi, duruşu bir tamaşadı,
Bənzəyir ən gözəl çiçəyə, gülə.
Odlu baxışıyla canımı alır,
Vallah mən yazığı odlara salır,
Hər şey dəyişsə də, məhəbbət qalır,
Mənə əzab verir o, bilə-bilə
Alışıb yanıram pərvanə kimi,
Titrəyir qəlbimin ən incə simi,
Tökübdü üstümə kədəri, qəmi,
Mənəm ki, bu naza dözürəm hələ.
GÜLÜM
Gecə gözlərimdən gizləyir səni,
Ulduzlar sübhətək izləyir səni,
Gözlərim yol çəkir, gözləyir səni,
Geciksən gün çıxar, ay batar, gülüm.
Göz yaşım isladar yanaqlarımı,
Ah-nalə çatladar dodaqlarımı,
Sükut dəng eyləyər qulaqlarımı,
Ahım göylərərə də tay çatar, gülüm.
Eşqindi dünyada hər şeydən uca,
Uçur xəyallarım, uçur dalınca,
Başımı qoymaram sənsiz balınca,
Ürək nə dincələr, nə yatar, gülüm.
Ağlamaq, sızlamaq olubdu peşəm,
İndi bircə sənsən dərdim, əndişəm,
Sənsiz gündüzü də gecə bilmişəm,
Könlüm görüşünə can atar, gülüm.
Məni məndən alıb sevgi, məhəbbət,
Sənin əlindədir ömür , səadət,
Qəlbimi yandırır ayrılıq, həsrət,
Məni dərd əlindən gəl qurtar , gülüm.