Şükr
Yazıb qismətini Allah hərənin ,
Neçə ki, ölümdən bəri var, şükr.
Kimə nə dərdindən, vallah, hərənin
Çəkməyə öz dərdi , səri var şükr.
*
Qəlbin kövrəlməsin, gözün dolmasın,
Qanın qaralmasın, rəngin solmasın,
Səninçün darıxan olmur – olmasın,
Sənin darıxdığın biri var, şükr.
*
Ölçün içindədi, biçin içində,
Ha yansın, qovrulsun için içində.
Ölsün, ümidlərin ölsün içində ,
Şükr elə sabaha diri var, şükr.
*
Doymayan gözündən taxtın, tacların
Axı nə fərqi var qarnı acların?
Baş alıb əlindən ehtiyacların,
Qaçıb qurtarmağın yeri var – şükr.
27 noyabr 2012
Yükdü
“Nə gəlir , Tanrıdan gəlir” , deyirlər,
Çək də, cəfasına qatlan da, yükdü.
Qardaş eləməyin şəri xeyirlə,
Gecəni gündüzə qatman da yükdü.
*
Vaxtı keçirirsən yarışda kimi ,
Savaşı, döyüşü barışda kimi.
Qat dərdi önünə qarışqa kimi,
Qulpundan yapışıb dartanda, yükdü.
*
Çək də hər gözəlin nazı gözəldi,
Ən gözəl özündən razı gözəldi.
Gözəldi ömrün də azı gözəldi,
Yaş üstə yaş gəlib , artanda yükdü.
*
Axı , dərdmi bunlar, kədərmi bunlar,
Açılıb başından gedərmi bunlar?
ÇƏkə biləcəyin qədərmi bunlar,
Allahım , arığa batman da yükdü.
28 noyabr 2012
Yoxam
Adamam , adamdı haram,
Var kimi görünən yoxam.
Beş günlük ömürnən varam,
Beş qarış gorunan yoxam.
*
Kimə əzizlənib gəzən,
Kimindən gizlənib gəzən,
Bəzənib, süslənib gəzən,
Bəslənən , qorunan yoxam.
*
İşim yox haqsız davaynan,
Keçinnəm suynan, havaynan.
Ağzı yava oğlu yavaynan,
Zor oğlu zorunan yoxam.
*
Bu yük , bu şələ bir yana,
Çəksin də hərə bir yanan…
Bu tor, bu tələ bir yana,
Çəpiknən, xorunan yoxam.
*
Eşq adlı meydən gəlmişəm,
Bilmişəm meydan, gəlmişəm
Mən elə göydən gəlmişəm,
Mən belə yerinən yoxam.
03 dekabr 2012
Ola
Əkməyə bağçan – bağın,
Biçməyə zəmin ola.
Batmağa dəryan hazır,
Üzməyə gəmin ola.
*
Bütövdümü , kəmdimi
Səninlə həmdəmdimi.
Bu gələn ilk qəmdimi,
Sonuncu qəmin ola?
*
Son olar sondan savay,
Beş arşın dondan savay.
Bir də O… Ondan savay
Kimin var, kimin ola?
10 dekabr 2012
Tuturam
Mən sözə sürgünəm, sürgün, beləcə
Sözlə oynayıram, əza tuturam.
Dəli könlümü də hər gün beləcə,
Dilə tutmuram ki, sözə tuturam.
*
Udduğum hava qəm, içdiyim su qəm,
Bu sonsuz göylərdi, mən tənha qu, qəm.
Sən qoyub gedəndi bu kədər , bu qəm,
Mən onu hələ də təzə tuturam.
*
Yaşayıb əllilər, yüzlər içində,
Ölürəm düz oğlu, düzlər içində.
Üzü üzlər görən üzlər içində
Abrımı , həyamı üzə tuturam.
*
Bir az seçilmir ki, halı halımdan,
Canı canımdandı, qanı qanımdan.
Qoymuram səssizcə ötə yanımdan,
Sovuşa başımdan qəza, tuturam.
*
Gözəl, oyun açdın gözəl başıma,
İlkin başımayam, əzəl başıma.
Gündə dörd dolanır əcəl başıma,
Özümü hələ ki, naza tuturam.
10 dekabr 2012
Bilmişəm
Dünya, zavalını bulub gedirəm,
Nəyi bilmişəmsə, boşa bilmişəm.
Helmindən ikimi alıb gedirəm,
Çox da ki, elmini beşə bilmişəm.
*
Elə keçmişəm ki, bu yol, bu səki,
Məndən inciməsin , küsməsin təki.
Düşüb də sehrinə, kölgəsindəki
Beş – altı ağacı meşə bilmişəm.
*
Ən gözəl sözü də öpüləndə yox,
Şabaş tək başlara səpiləndə yox,
Zornan gözlərimə təpiləndə yox,
Yatanda sinəyə, döşə , bilmişəm.
*
Keçib vaxtdan keçən, vədədən keçən
Anadan doğulan, dədədən keçən.
Ağıldan keçən yox, mədədən keçən
Ən kəsə yol imiş başa, bilmişəm .
*
Bu tordan, tələdən, qarmaqdan belə,
Dərs aldım saralan yarpaqdan belə.
Nədən yapışmışam torpaqdan belə,
Nədən sığınmışam daşa, bilmişəm…
15 dekabr 2012
Gedək özümüzə bir gün ağlayaq
Bu qədər yaşadıq , həvəsdi, bəsdi,
Burdaca bağlansın bu kitab, gedək.
Zamanmı gecikdi, bizmi tələsdik,
Nə fərqi, çəkilsin haqq- hesab, gedək.
*
Daha nə işimiz bir başqasınnan
Mənim gördüyümü sən görmədinmi?
Öyrənib bir qara qarışqasınnan,
Necə ürətilir dən görmədinmi?
*
Gedək özümüzlə qalaq baş- başa,
Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
Burda yiyə durmur qardaş-qardaşa,
Gedək özümüzə bir gün ağlayaq.
*
Hər günü əhləddi başa toxunan,
Şərin gur yeridi, şölən yeridi.
Bura arzuların daşa toxunan,
Bura ümidlərin ölən yeridi.
*
Namərd körpüsüdü hər addım başı,
Qoy alıb aparsın sel bizi, gedək.
Sındırdım ürəyi, ucaltdım başı,
Dedim, qınamasın el bizi, gedək.
*
Hələ ki, cavandı işğalın yaşı,
Hələ göyərməyib sinədə dağlar.
Tutub yaxamızdan bir gün, qardaşım,
Şuşanı bizlərdən soruşacaqlar…
*
Gəl də bu çarəsiz gecədən çıxıb,
Gəl də bu ümidsiz sabahdan gedək.
Deyirsən, nə çıxır, gecədən çıxır,
Nə olar, lap elə sabahdan gedək.
*
Gedək özümüzlə qalaq baş-başa,
Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
Nə sülhə meydan var, nə də savaşa,
Gedək özümüzə bir gün ağlayaq…
16-18 dekabr 2012
Adamı
Necə qələm çəkib , gör qələm çəkən,
Adam heyran edib, heyran, adamı.
Elə ustasından, yaradanından,
Baxıb öyrənsinlər deynən adamı.
*
Gör necə sığala, darağa çəkib,
Nur da öz nurudu yanağa çəkib.
Halalnan, haramnan sınağa çəkib,
Yoxlayıb şərbətnən, meynən adamı.
*
Boşu boş, dolunu dolu yaradan,
Ədəbi, ərkanı, yolu yaradan.
Deyirəm bəlkə də, Ulu Yaradan,
Özünə bənzədib eynən adamı ?…
*
Yoğrul torpaq ilə, bərki daş ilə,
Oxşan da, sevil də gözlə-qaş ilə.
Belə ayırmazlar əyin-baş ilə,
Seçməzlər maşınnan, öynən adamı.
*
Bu kimdi təriflər yağır başına,
Alın tərifləri çaxın başına.
Belə qaldırmazlar dağın başına,
Belə gəzdirməzlər göynən adamı…
*
Nəyini ötürdün, tutdun nəsindən,
Bu dünya çoxdumu son nəfəsindən?
Bu boyda adamlıq mərtəbəsindən,
Gör nəynən salırlar, nəynən adamı?…
19-20 dekabr 2012
İçimə
Mənə dos-doğmadı bu kədər, bu qəm,
Qənim kəsilmişəm müdam içimə.
Elə divan tutub, zülm eyləmişəm,
Elə bil ögeyəm, yadam içimə.
*
Bu dünya boşalıb gedəndən bəri,
Gözümü yaş alıb gedəndən bəri,
Alanı baş alıb gedəndən bəri,
Bir batman yük olub qadam içimə.
*
Soyuqdu, bumbuzdu varlığı, neynim,
Asılıb yaxamdan yarlığı, neynim,
Bitib, tükənmədi darlığı, neynim,
Neynim, bənzəmədi bu dam içimə.
*
Hələ Qarabağım, gözüm, qaradı,
Qaradı, bu çarə, çözüm qaradı.
Hələ ki, yanında üzüm qaradı,
Nə üzlə çıxıram adam içinə?…
25 dekabr 2012
Gələndi
Kimdi ki, nədi ki, adam deyilən,
Vardan çıxıb gedən, yoxdan gələndi.
Nəyin seviləndi, nəyin öyülən,
Nəyin var taledən, baxtdan gələndi.
*
Saçında bu qırov, dən qazandığın,
Üstümdə bu duman , çən qazandığın.
Günahlar, savablar sən qazandığın,
Hökmlər zamandan, vaxtdan gələndi.
*
Al da qadasını elə bu dərdin,
Qoyma səsi çıxa çölə bu dərdin.
Çiçəyi burnunda hələ bu dərdin,
Bu qozbel, qartımış çoxdan gələndi.
*
Bu köhnə atandan, anandan gələn,
Bu təzə dos-doğma balandan gələn.
Üzün qırmızısı yalandan gələn,
Sözün qırmızısı haqdan gələndi.
*
Daha ölç, daha biç dilindən çıxar,
Çıxsa sənin deyil dilindən çıxan.
Yaydan çıxıb gedir əlindən çıxan,
Qarşına gələnlər oxdan gələndi…
05 yanvar 2013
İlkimiz bir, sonumuz bir…
İlkimiz bir, sonumuz bir,
Nə fərqi nə gözləndisə…
Beş arşınlıq donumuz bir,
Kəfənimiz bezdəndisə.
*
Bu tərəfi dar macaldan,
O tərəfi dar məzardan.
Behişti güllü-gülzardan,
Cəhənnəmi közdəndisə.
*
Ömür deyən ağ şamdısa,
Əriyəcək dağ, şamdısa.
Axşamımız axşamdısa,
Tezdənimiz tezdəndisə.
*
Nə suyumuz, nə havamız,
Nə dərdimiz, nə davamız?
El-obamız, yurd-yuvamız,
Çölləndisə, düzləndisə…
*
Bu top, topxana deyilən,
Gopmuş, gopxana deyilən.
Ha yap, yapxana deyilən
Bir quruca sözdəndisə.
*
Keçmə, bu çay dizdən deyil,
Çox dərindi, üzdən deyil.
Zülm eyləyən bizdən deyil,
Zülm eyləməz bizdəndisə…
05 yanvar 2013