Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə!!!
Müasir Azərbaycan poeziyasının qədim tarixi ənənələr üzərində yaranıb, formalaşmasında, heç şübhəsiz ki, lirik şeirləri, tarixi mənzum dramları, mənəvi-əxlaqi dəyərləri özündə cəmləşdirən epik əsərləri ilə söz sənətkarları arasında özünəməxsus yeri olan sevimli Xalq şairimiz Nəriman Həsənzadənin öz yeri, öz çəkisi var. Ailə-məişət məsələlərinə, qadın azadlığı kimi məsələlərə özünəməxsus tərzdə yanaşması ilə fərqlənən Ustad şairimiz Nəriman Həsənzadənin keşməkeşli həyat yolu, zəngin təcrübəsi, dastana və əfsanəyə çevrilən ömrü bir an da olsun biz oxucuların diqqətindən yayınmır.
Hələ sovet hakimiyyəti illərində, xüsusilə də 70-80-ci illərdə kosmosdan, həyatdan, ulduzlardan, göy səmadan və daha nələrdən yazan qələm sahiblərindən fərqli olaraq, müəllif dövr üçün səviyyəvi olan mövzuya (sevgi hisslərinin tərənnümünə) qayıtmaqla, özünün dünyaya, həyata olan fərqli baxışını nümayiş etdirdi.
Ümumiyyətlə, Nəriman Həsənzadə dedikdə, bədii yaradıcılıq fəaliyyətinin çiçəklənən dövründə qələmə aldığı zəngin əsərləri ilə minlərlə oxucunun qəlbində ömürlü taxt qurmağı bacaran, özünün dərin fəlsəfi fikirləri, mühakimələri , bəzən müqayisələri, bəzən isə müşahidələri əsasında gəldiyi qənaəti öz şair ilhamına güvənməklə səmimi, səmimi olduğu qədər də kövrək şeirləri, misraları ilə ədəbiyyatsevərləri, poeziya həvəskarlarını hər dəfə yeni məzmun və forma baxımından dolğun əsərləri ilə sevindirməyi bacaran uşaqtəbiətli, həlim el ağsaqqalı gözlərimiz önündə canlanır.
Çətin sınaqlardan alnıaçıq, üzüağ çıxan el saqqalı, müdrik şair Nəriman HƏSƏNZADƏ poeziyası, nəsri, dramaturgiyası, o cümlədən də publisistikası yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinin düzgün müəyyənləşdirilməsində mühüm rol oynamaqla yanaşı, həm də geniş təcrübə qazanmaq üçün əla bir şans olacaq.
Nəzərə alsaq ki, ömrünün ən kövrək anlarını yaşayır (bəlkə də, dünyanın ən kövrək körpəsindən belə kövrəkdi şairimiz Nəriman HƏSƏNZADƏ) ustad şairimiz, böyük məmnuniyyətlə deyə bilərik ki, müəllifin dəyərli həyatı da əsərləri qədər bizim üçün əvəzolunmaz mənbə kimi xatirimizdə qala bilər.
Qələmindən çıxan əsərlərinin hər birində dünya görmüş el, oba, yurd həsrəti, vətən nisgili, torpağa, millətinə, soykökünə bağlı bir Vətəndaş obrazı gözlərimizin önündə canlanırsa, deməli, müəllifin öz şərəfli həyat, ömür yolu ilə fəxr etməyə mənəvi haqqı var!!!
Hansı mövzuda yazmağından asılı olmayaq, müəllif üçün əsas məsələ, qayə fikrin oxucuya daha dolğun çatdırılması, bədii təsüvir və ifadə vasitələrinin düzgün və uğurlu seçilməsidir.
Sonda ömrünün ən gözəl günlərini yaşayan sevimli Xalq şairimiz Nəriman Həsənzadəyə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni yaradıcılıq uğurları, fəaliyyəti diləməyi özümə vətəndaşlıq borcu bilirəm!!!
Bakı şəhəri. 5 fevral 2021-ci il.