Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Dağların buludlarla birləşdiyi bir kənd haqqında yazmaq və ordan qayıtdıqdan sonra uzun müddət onların həyat tərzi haqqında düşünmək adamı yenidən ora qayıtmağa sövq edir.
Qusarın Laza kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının baş silsiləsinin ətəyində yerləşir. Kənd Qusar şəhərindən təxminən 45–50 kilometr aralıda, dağlıq zonada yerləşir.
Dəniz səviyyəsindən təxminən 1300–1400 metr yüksəklikdə, dərin dərədə, Şahdağ və Qızılqaya dağlarının əhatəsində yerləşən bu kəndin əhalisi ləzgilər olsalar da, azərbaycan dilində danışırlar və gələn qonaqlarla əhatəli dialoqlar qururlar. Ətraf sıldırımlı qayalar, sıx meşələr və saysız-hesabsız bulaqlar, şəlalələrlə əhatə olunub.
Bəzi yerlərdə qayalar ağdır və sanki xətkeşlə düppədüz kəsilib. Kəndin adı da burdan, ağ sözündən yaranıb.
Kənddə xəstəxana yoxdur, dörd illik ibtidai məktəb var. Əhali təxminən 300 nəfərə yaxındır. Toxuculuq, arıçılıq və maldarlıqla məşğul olurlar. Kələm və günəbaxan əkdiklərini gördüm. Ləzgilər gülərüzlü olmasalar da, soyuqqanlı deyillər. Oturduğum restoranlarda və gəzdiyim, söhbətə çəkmək istədiyim bir insanın da güldüyünü, gülümsədiyinj görmədim, təkcə yarpız, kəklikotu satan iki uşaqdan başqa…
Ləzgi çörəyi və fəsəlisi dadlı idi. Adi və çox təmtəraqlı olmayan restoranlarında da təmizlik yüksək səviyyədə idi. Bura xüsusiylə ayaqyoluları aid etmək istərdim.
Sərin, dərin və sanki bütün dünyadan ayrılmış bu kəndə düşdükdə ilk baxışda hər şey gözəl görünür. Amma deyərdim ki, bu yay fəslinə görə yaxşıdır, qışda isə odun sobalarında qızdırılan evlər göz önünə gəlir. Bu kənddə qar payızın sonundan başlayır və təxminən yeddi ay çəkir. Qar örtüyü daimi olur, ərimir, şəlalələr buz bağlayır. Kənddə qaz olmadığından qış üçün odun almaq çox vacibdir. İşıq da fasilələrlə verilir, külək və soyuq hava səbəbiylə kəsilir.
Soyuq hava, sərt iqlim, yüksək rütubət səbəbindən insanlarda sümuk problemləri, oynaq ağrıları olur. Ərazidə yüksək atmosfer təzyiqi olduğu və dəniz səviyyəsindın yüksəklikdə yerləşdiyi üçün insanlarda ürək və təzyiq problemləri olur.
Burda ilk əhalinin yerləşməsi orta əsrlərə təsadüf edir. Sakit, öz kənd həyatını yaşayan və yaşayış şəraitləri ilə razılaşan yaşlı əhali ilə söhbət etmək xoş idi. Bir-biri ilə qonşu olan arıçılardan biri 700 qramlıq bal bankasını 45 azn-ə, digəri isə 35 azn-ə satırdı. Burda dəmlənən çay bol kəklikotu ilə təqdim edildiyi üçün çox gözəl idi. Ətrafda isə min cür ot növləri var idi. Çoxunun adını bilməsəm də, tamaşa etmək xoş idi.
Mən orada olanda Qusarçayın üzərindəki taxta körpüləri dəmir konstruksiyalı körpülərlə əvəz edən texniki heyət çalışırdı. Böyük və möhkəm körpülər çəkən maşınlar işləyirdi.
Qusar şəhərindən Laza kəndinə gedən yol Şahdağ Turizm Mərkəzinin yanından keçməklə möhtəşəm dağ mənzərələri ilə zəngin olan serpantin yoldur. Sentyabr ayı olduğundan yollarda problem yaşamadıq, sərbəst şəkildə getdik və qayıtdıq.
Çox bəyəndiyim bir məsələ də oldu,— yol boyu sürücülərin bir-biriylə xoş zarafatları. Məsələn, bir sürücü bizə xoş təbəssümlə deyirdi ki, —bu gül kimi maşına yazığım gəlir, bu yollara niyə gətirmisiniz. Yarpız satan uşaqlardan demək olar ki, bütün sürücülər nəsə alırdılar. Mənim kimi yəqin ki, onların da aldıqlarına ehtiyacları yox idi, uşaqlarln könüllərini xoş etmək üçün bunu edirdilər.