Dastan-tamaşalar hazırlanacaq
Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar “Mədəniyyət” kanalı vasitəsilə geniş auditoriyaya təqdim olunacaq.
Repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaq. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.
Dastanlarla bağlı repertuar seçimində bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.
“Bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün ölkə başçısı sərəncam imzalayıb. Layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib”, – deyə Musa Nəbioğlu bildirib.
Layihə çərçivəsində tamaşaçılara təqdim olunacaq dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır. Həyat və fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının da aşıqların ifasında təqdim olunması planlaşdırılır.
Gələcəkdə bu dastan-tamaşaların paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması nəzərdə tutulur.