8-9 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində “Şuşa Günləri” keçirilib. “Şuşa Günləri” 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı növbəti il üçün Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub.
“Şuşa Günləri” çərçivəsində Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunan və Beynəlxalq Mədəniyyət və İrs Fondu tərəfindən hazırlanan “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası, Azərbaycanın Xalq artisti Mehriban Zəkinin Xurşidbanu Natəvanın şeirlərinin səsləndirməsi və Azərbaycan muğam triosunun müşayiəti ilə ədəbi-musiqili kompozisiya, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” sərgisi nümayiş olunub.
Həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun təşəbbüsü ilə yaradılmış “Yeddi gözəl” (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan sənətçilərindən ibarət; bədii rəhbər Əməkdar artist Turan Manafzadə) musiqi qrupunun konserti və Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın “Qarabağ qadın milli geyim kolleksiyası”nın nümayişi təşkil edilib. Silsilə tədbirlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Bursa Bələdiyyə Başkanı Alinur Aktaş və Türkiyənin Bursa şəhərinin valisi Yakup Canbolat tərəfindən rəsmi qəbul görüşü keçirilib.
Görüşdə 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olaraq Bursada il ərzində təşkil olunan tədbirlər və həyata keçirilən layihələr, Qarabağ Zəfəri, Şuşa və işğaldan azad olunmuş digər ərazilərdə tarixi və dini abidələrimizə qarşı erməni vandalizmi, orada bərpa quruculuq işləri, türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixi, mədəniyyəti və incəsənəti, habelə “Şuşa Günləri”nin əhəmiyyəti haqqında müzakirələr aparılıb.
9 dekabrda TÜRKSOY-un 2022-ci il “Bursa – Türk dünyası mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib.
Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş çıxış edərək Azərbaycanın zəngin mədəni irsinin beşiyi, dahi şəxsiyyətlərin vətəni olan Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bu şəhərin tarixinin yeni və möhtəşəm səhifəsi adlandırıblar. Bu qürurverici hadisənin çox böyük önəm daşıdığı xüsusi vurğulanıb.
Sonra Bursa şəhərinin və TÜRKSOY-ya üzv ölkələrinin sənətçilərinin iştirakı ilə musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da çıxış edib.
Bağlanış mərasimin sonunda “Türk dünyasının mədəniyyət paytaxtı” simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təhvil verilib.
Mənbə: https://culture.gov.az/