Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Toxunduğum o saçlara nə oldu?
Dodaqların həmin dodaq deyil ki.
Sənə nə var, olan tək mənə oldu,
Başa düşdü, ürək uşaq deyil ki.
Sığdırmadım həyatıma başqasın,
Gözlərimə inanardın tanısan.
Mənim üçün indi tamam başqasan,
Mənim üçün sıradansan, hamısan.
Bəhanəydi hər zəngim, hər dönüşüm,
Bilirdin ki, asılıyam telindən.
Yandırmadı bu dəfəki öpüşün,
Oynatmadı varlığımı yerindən.
Anlamadım səbəbini bu qışın,
Oyandım ki, nə mən varam, nə də sən.
Nə duamsan, nə ahım, nə qarğışım,
Heçkimimsən, heçnəyimsən, heçnəsən.
Ağlamaqdan gözlərinmi yoruldu?
Baxışını yayındırma, görürəm.
Toxunduğum o saçlara nə oldu?
Yad toxundu, yad qoxladı, bilirəm.
* * *
Bu da sevgimizin son Noyabrı,
Yenə də nəyinsə sonuna gəldik.
Gözündə bir ovuc dəniz var Sənin,
Ağlama, suyunda bata bilərik.
Hava xatalıdır, küləyi dəli,
Yoxsa sevgimizdir soyuğu duyan?
Qorxuram – payızda tərk etsəm Səni
Bir daha baharda Səni tapmayam.
Həyat başdan-başa qəribəlikdir,
Görüşlər yaradar, ayrılıq salar.
Kiminsə cibində qara qəpikdir
Bizim gözümüzdə mühüm olanlar.
Nə deyim taleyin yazısına mən,
Niyə görüşdük ki, niyə ayrılaq?
Təpədən dırnağa payız kimiyəm,
Yarpaqsız budağam, budaqsız yarpaq.
Sənsiz yaşamağa alışam gərək,
Vaxtında unudam, yoxsa gec olar.
Bu da sevgimizin son Noyabrı,
Hələ ayrılığın Dekabrı var…