Qazaxıstan və Çexiya respublikalarının təşkilatçılığı, Astana Mədəniyyət İdarəsinin dəstəyi ilə onlayn “Bohemian Music Festival” adlı I Beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə 4 nominasiya: vokal, xoreoqrafiya, instrumental incəsənət və orijinal incəsənət üzrə təşkil edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Dərya Rzazadə (müəllim Firuzə Əliyeva) müsabiqədə 8-10 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında çıxış edərək I dərəcəli laureat adını qazanıb.

Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Zəhra Babazadə (müəllim Dilrubə Əbdurəhmanova) isə 11-13 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında çıxış edərək, münsiflər heyətinin qərarı ilə I dərəcəli laureat adına layiq görülüb.

Mənbə: https://azertag.az