“İçərişəhər” və Qala qoruqlarının ərazisində yaşayan sakinlərin layihəsi olan “Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova gənclərə uğurlar arzulayıblar.
Bildirilib ki, “Qoru” Gənclər Təşəbbüs qrupunun əsas məqsədi tariximizin yadigarı olan qoruqların qorunmasına yönəlib. Qrupun əsas fəaliyyət istiqamətlərinə – əhali arasında könüllük fəaliyyətinin aşılanması, qonşuluq ənənələrinin möhkəmlənməsi, qoruqların fəaliyyətində sakinlərin iştirakının təmin edilməsi, sakinlərdə qoruqlara və Qoruq İdarəsinə loyallığın artırılması, icmanın inkişaf etdirilməsi (bilik, savadlılıq, sosial bacarıqlar, dünyagörüşü), qoruğun qorunmasında maraqlı tərəflərin birgə fəaliyyətinin təşkil edilməsi kimi istiqamətlər daxildir.
Sonda “Qoru” Gənclər Təşəbbüs qrupunun fəaliyyətinə həsr edilmiş kiçik videoçarx nümayiş olunub.