Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.
Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.