MƏN YOX OLUM

Gecə olsun,
Bir otaqda bir şam olsun,bir də mən.
Ağlasın şam öz eşqinə
Ona vurğun pərvanəyə
Ağlayım mən öz eşqimə
Həsrət sənə çəkdiyimə
Ağlasın şam,ərisin şam yox olsun şam
Mən əriyim,mən yanım,mən yox olum
Bir gül olsun
Bülbülündən ayrı düşən bir gül olsun
Ağlasın gül,ağlayım mən
Ağlasın gül,solsun gül,yox olsun gül.
Mən ağlayım,mən də solum,mən yox olum
Dalğa olsun,
Dənizindən ayrı düşən,dalğa olsun
O ağlasın,mən ağlayım
O,ağlasın buxar olsun qum sahildə
Ağlayım mən,kor etdiyin gözlərimə
Ağlayım mən…yox olum mən
Ölüm olum…torpaq olum,
Mən yox olum.
Sən bilmədən…sən xəbərsiz mən yox olum!

QIZLARA NƏSİHƏT

Bir baxışa allanıb,
Ömrünüzə qıymayın
Qönçə kimi budaqda ,
Siz gül kimi solmayın
Kiminiz ehtirasa ,
Kiminiz şan-şöhrətə,
Kiminiz var-dövlətə,
Allanıb satılmayın
İsməti para-pula,
Qisməti əyri-yola,
Ömürü yarı yola,
Gətirib çatdırmayın
Siz Leyli yadigarı,
Siz Həcərin övladı,
Siz Azəri övladı
Yad ölkəyə uymayın.