Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Min kərə zamandan imdad istədim,
Min kərə əyildim xatirələrə.
Bağışla vaxtında gələ bilmədim,
Qatarlar gecikir sizin şəhərə.
Yolların yaddaşı yox imiş demə,
Silinib izlərin, sənə kim çatar?
Qəlbini titrədər bir fit səsinə,
İzsiz biyabanda azmış bir qatar.
Bilmirəm ölüyəm, yoxsa diriyəm,
Sənsiz yaşamağı başa salsana?
Gecikmiş qatarın sərnişiniyəm,
Açıb qollarını qarşılasana.
İtib arzularım dumanda, çəndə.
Təpədən dırnağa dərdəm, qəhərəm.
Mən qadın deyiləm, əslində mən də,
Qatarı gecikən qərib şəhərəm…