Sevgi vəfa bilən qəlbin dəyəri,
Hər taleyə ayrı düşür düşəri.
Qarşılıqsız verə bilməz bəhəri,
İstək, məram, hörmət, zaman gözləməz!
Umma əsla heyrətinə vardı yar,
Anlamaz ki, düşüncəsi dardı yar.
Ağacında dərilməmiş bardı yar,
Bağban, dərviş, sehr, nişan gözləməz!
Vəfa səndən, vəfasızlıq həyatdan,
Əzab çəkmək rahat gəlir rahatdan.
Hələ tezdir, çək əlini büsatdan,
Qohum-qardaş, qayın-quda gözləməz!
Fərasətli, igid olan sevəndə,
Vəfasıza könül verib öləndə.
Peşimanlıq eşqin torun hörəndə
Kasıb, varlı, məşhur, aciz gözləməz!
Vüsal səhvdir, düzgün deyil rədifi,
Vəfadan xor, dünyada yox sədəfi.
Dəqiq tutub söz oxuyla hədəfi,
Meydan, düşman, şəri-şeytan gözləməz!