Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq və ya ayrı təsəvvür etmək mümkün deyildir. Bu ona bənzəyər ki, əkiz doğulmuş iki qardaşı bir-birindən ayrı tutursan. Tarix də göstərdi ki, bir damarın qanı iki yerə bölünə bilmir. Buna çox çalışdılar, tarixi saxtalaşdırmağa cəhd etdilər, özünü türk hesab edənlərə ayrı adlar qoymaq istədilər, ancaq toplananların yerini dəyişərkən, cəmin dəyişmədiyini tarix özü isbat etdi. Vaxtilə Osmanlı Türkiyəsini paramparça etmək üçün koalisiya yaradan böyük güc dövlətləri Türkiyənin üzərinə yeriyərkən Azərbaycanlıların dəstə-dəstə Çanaqqalaya, savaşa getdikləri tarixi gerçəklikdir. Orada şəhid olan qəhrəman azərbaycanlıların məzarlığı deyilənin əyani sübutudur. Sonrakı tarixdə erməni-daşnaq-bolşevik birliyinin azərbaycanlılara qarşı soyqırımı törətdikləri zamanda Osmanlı dövlətinin göndərdiyi Qafqaz Müsəlman Ordusu qəhrəman Nuru Paşanın komandanlığı altında qardaş köməyinə gəldi, ölkəmiz işğal altına salmaq istəyən irticaçılardan Azərbaycanı və azərbaycanlıları xilas etdi.

Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Bir ürəkdə iki can – Türkiyə – Azərbaycan” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Keçən əsrin əvvəllərində Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə, “Paşam, qardaşın qardaşa borcu olmaz!” ifadəsi, eləcə də böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” canyanğısı və Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” təəssübkeşliyi varlığımızın, birliyimizin, qan əlaqələrimizin və ayrılmazlığımızın sübutudur.

2020-ci ildə İkinci Qarabağ savaşında Azərbaycanı tək buraxmayan və dünya birliyinə qarşı sinəsini sipər edən Türkiyə Cümhuriyyəti, qanı qanımızdan, canı canımızdan olan türkiyəli qardaşlarımız səsimizə səs, nəfəsimizə nəfəs verdilər. Türkiyənin nümayəndə heyətinin iştirak etmədiyi mötəbər tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yoxdur, biz varıq, burda Azərbaycan var!” ifadəsinin cəsarətlə səslənməsi qardaşlığımızın, candaşlığımızın ən bariz nümunəsidir. Belə hadisələrin sayı çoxdur. Bütün bunlar ondan irəli gəlir ki, ayrılmaz olan varlıqları ayırmaq mümkün deyildir.

Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə onları hər daim bir bədəndə iki can kimi yaşadacaq!

Biz unutmuruq və heç zaman da unutmayacağıq ki, bu gün Türkiyənin inkişafı Azərbaycanın dirçəlişidir. Azərbaycanın dirçəlişi Türkiyənin qol-qanad açması, böyük Türk dünyasının birliyi, bütövlüyü, inkişafı deməkdir.

Bu hisslər, duyğular bərabərcəsinə coşduqca coşmaqdadır, Azərbaycanla Türkiyənin bütün parametrlərdə birliyinin, bərabərliyinin və yüksəlişinin qarşısını ala biləcək qüvvə olmayacaqdır. Biz bu hikməti unutmamalı və sabaha doğru irəliləyən yolumuzu bərabər getməli, dünya birliyinə bərabər inteqrasiya etməliyik. “Güc birlikdədir!” dədə sözü ən ali şüarımız olmalıdır.

1923-cü ildə böyük Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyəti quruldu. Bu günə qədər inkişaf etdi. Öz yerini möhkəmləndirdi. Bu gün isə dünya dövlətləri sırasında sayılıb-seçilən bir dövlət kimi tanınır və hesablaşılır. Çünki Türkiyə son illərdə hərbi sənayesinə görə inanılmaz mərhələyə qədəm qoymuşdur. Azərbaycan da məhz son illərdə elə bir yüksəlişə yetişmişdir ki, 44 günlük Qarabağ savaşında nümunəviliyi ilə dünyanı heyran qoydu. Bu inkişaf prosesi dövlətlərimiz arasındakı həqiqi və yüksək qardaşlıq, candaşlıq əlaqələrinin möhkəmləndirilməsi nəticəsində əldə olunmuşdur. Azərbaycan öz sərvətləri və mənəvi dəstəyi ilə Türkiyəyə, Türkiyə isə Azərbaycana həmişə arxa-dayaqdır. Əldə edilən uğurlar və yüksək göstəricilər ortada olan isbatdır.

Artıq illərdir ki, hər iki dövlətin liderləri möhtərəm İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan milli birliyin, bərabərliyin timsalında xalqlarımızı ayrılmaz bağla bir-birinə qovuşdurmuş və birləşdirmişlər. Bu bağın, bu qovuşmanın tellərini qırmaq isə mümkün deyildir.

Ölkə rəhbərlərimizin şəxsi ünsiyyətləri timsalında, onların siyasi və insani münasibətlərinin təcəssümündə parlaq şəkildə görünən birlik-qardaşlıq və candaşlıq ovqatı, belə yüksək hisslər və duyğular hüdudunda daha da möhkəmlənən əlaqələrimiz sənət xadimləri tərəfindən mədəni kontekstdə öz inkişaf istiqamətini formalaşdırmaqdadır. Rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi artıq 2007-ci ildən etibarən Türkiyə Cümhuriyyətinin demək olar ki, ən böyük şəhərlərində uzunmüddətli və genişmiqyaslı qastrol səfərləri həyata keçirir. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan ibarətdir.

Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək bu yolda daim bizimlə bərabərdir. Bizim bu bərabərliyimiz sənətin ecazkar dili ilə oynadığımız tamaşalar vasitəsilə həyata keçirilir və böyük səmərə verir. Belə səfərlərin davam etdirilməsi bizim üçün prioritetdir. “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin ən böyük şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə növbəti səfərimizə start verəcəyik. Biz belə mühüm tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər salonlarından “Bir bədəndə iki can – Türkiyə – Azərbaycan” deyə, hər daim səslənməkdəyik.

Birliyimiz, bərabərliyimiz, qardaşlığımız və candaşlığımız daim yaşasın və əbədi olsun!

Mənbə: https://azertag.az/