Bakıda birinci Vesnyanka Ukrayna-Azərbaycan xeyriyyə bahar yarmarkası olub.
AZƏRTAC xəbər verir ki, tədbiri diplomatik korpus, media, ictimaiyyət nümayəndələri ziyarət ediblər. Onlar bununla yarmarkanın təşkilatçılarına, Vesnyanka ideyasına uyğun dəyərlərə ehtiramlarını ifadə ediblər.
Yarmarkanın “Qədim zamandan müasir dövrədək. Novruz və Vesnyankadan Pasxaya qədər” rəmzi devizi multikulturalizm ideyalarını təbliğ etməklə yanaşı, eyni zamanda, azərbaycanlıların Ukraynanın bahar ənənələri ilə tanışlığını, mədəni əlaqələrin qurulması və iki xalqın zəngin mədəni irsinin qarşılıqlı zənginləşdirilməsini əks etdirir.
Lidiya Şestak-Əliyeva deyir: “Azərbaycanda uzun illər yaşayan bir çox ukraynalılar yerli mədəniyyətə fəal şəkildə inteqrasiya ediblər. Burada biz Novruzun gəlişini gözləyirik və bu bayrama hazırlaşırıq. Çərşənbə axşmlarını ənənəvi axşamlara dəvət etdiyimiz qonaqlarla yola salırıq, şəkərbura, paxlava bişiririk. Azərbaycanlı qonşularımız bizə pay gətirir, yüksək qonaqpərvərlik nümayiş etdirir və öz ənənələri ilə tanış edirlər. Bu bayram bizlərə çox doğma və yaxın olub! Şəxsən mən onun gəlişini səbirsizliklə gözləyirəm. Mənim Novruzda həmişə qonaqlarım olur və onlar üçün plov bişirirəm. Novruz gəldikdən dərhal sonra biz Pasxa bayramlarına hazırlaşmağa başlayırıq. Buradaca biz, ukraynalılar ənənəvi olaraq qonaqlarımız üçün Pasxa yeməkləri hazırlayırıq. Əgər Azərbaycanda yaşayan hər hansı bir insandan soruşsanız, onların hər birinin bənzər tarixçələri var. Bir tərəfdən, diaspor nümayəndələri öz ənənələrini qoruyub saxlayır, digər tərəfdən, multikulturalizm və toleyrantlıq ənənələrinə sadiq olan azərbaycanlılar hər zaman başqa xalqların nümayəndələrinə cəmiyyətə inteqrasiya etməyə kömək edirlər. Biz öz tədbirimizlə məhz ukraynalıların Azərbaycan mədəniyyətinə inteqrasiyası ideyasını, həmçinin Pasxa bayramları və Vesnyanka ənənələrini çatdırmaq istəyirik. Qoy insanlar bizim baharı necə qarşıladığımızı, onu səbirsizliklə gözlədiyimizi, ənənələrimizi və yeməklərimizi, Ukrayna evi və milli geyimlərimizi yaxından tanısınlar. Bu, bizim xeyriyyə bahar festivalında daha çox bəhs etmək istədiyimiz mədəni irsdir. Ukrayna və Azərbaycan xalqlarının bir çox ortaq cəhətləri var: azərbaycanlılar hələ İslama qədər mövcud olan Novruz ənənələrini davam etdirirlər, ukraynalılar isə indiyədək baharın gəlişini bayram edir və Kiyev Rus dövlətində xristianlığa qədər qeyd edilən Vesnyankanı və başqa bayramları əziz tuturlar. Xalqlarımızı multikulturalizm, toleyrantlıq, öz ənənələrinə sevgi birləşdirir ki, bu tədbirdə buna bir daha əmin olmaq mümkündür. Mən, həmçinin bütün könüllülərə, Azərbaycanın Ukraynalı Qadınları Birliyinin üzvlərinə bu cür gözəl tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm”.
Ukrayna və Azərbaycan dillərində və iki xalqın milli geyimləri ilə keçirilən konsert bayrama xüsusi ovqat bəxş edib. Səhnədə Ukrayna və Azərbaycan mahnıları səsləndirilib, “1001 nights” xoreoqrafiya studiyası “Marusya” Ukrayna rəsqi və Qarabağ yallısı ilə çıxış edib.
Vesnyanka tədbirinin əsas məqsədlərindən biri də müharibədən əziyyət çəkən Ukrayna sakinlərinə xeyriyyə yardımıdır. Belə ki, festival çərçivəsində “Easter Charity Market” xeyriyyə yarmarkası olub. Əldə olunan vəsait ərzaq məhsulları almaq üçün ukrayanlılara yardım üzrə beynəlxalq qərargaha təqdim ediləcək.
Tədbirin qonaqları arasında Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalkov, Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçaka, Ukrayna və Polşa səfirliklərinin nümayəndələri olublar.
Mənbə: https://azertag.az/