“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Boşaltdım ürəyini,
Ürəyin gencə olsun.
Çıxıram bu oyundan,
Qoy ürəyincə olsun.
Gözlərimdən düşməyə
Yol başlayıb təzəcə.
Azaltmışam mən səni,
Boyun yerdən dizəcən.
Bir pay ayrılıqdı bu,
Həm mənimdi, həm sənin.
Ürəyimə yatmışdın,
Oyadıram mən səni.
Bir az yaxına gəl, Tanrı
Bir az yaxına gəl, Tanrı,
İşim yoxdu bəndə ilə.
Dünyaya sığmayan ruhum
Qalıb bir bədəndə elə.
Görmədi… Heç kim görmədi.
Mən gördüm, bütün görmədim.
Nə qürbətdə gün görmədim,
Nə də ki, vətəndə elə.
Hansından danışım indi?
Görünür yanlışım indi.
Dərindən yaşadım, indi
Hamı necə, mən də elə.