“Tarix” qısametrajlı animasiya filmi Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ının əsas müsabiqə proqramına daxil edilib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC bildirilib ki, festival bu gündən başlayaraq iyunun 4-dək davam edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunmuş “Tarix” qısametrajlı animasiya filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist) və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında (Finalist) iştirak edib.
Mənbə: https://azertag.az/