Kinematoqrafçılar İttifaqları Konfederasiyası Prezidentin Qrantlar Fondunun maliyyə dəstəyi, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun maliyyə yardımı və iştirakı ilə Moskvada Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumunu təşkil ediləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, Konfederasiya Şurasının qərarı ilə bu il Foruma Rüstəm İbrahimbəyovun adı verilib.

Milli Kinematoqrafiyalar Forumu, MDB ölkələrinin kino xadimləri arasında multikultural ünsiyyət üçün vahid platforma rolunu oynamağa qadir olan güclü milli assosiasiyadır. Forum fəaliyyət göstərdiyi illər ərzində Marat Sarulu, Aktan Abdıkalıkov, Bəxtiyor Xudoynazarov, Gülşad Ömərova, Yusup Razıkov və sonralar özlərini beynəlxalq kinofestivalların daimi iştirakçıları kimi təsdiqləmiş digər kinematoqrafçıların aşkarlanmasına öz töhfəsini verib. 1998-ci ildə fəaliyyətə başladığı gündən Milli Kinematoqrafiyalar Forumu 1990-cı ildə ssenarist, prodüser və rejissor Rüstəm İbrahimbəyov tərəfindən əsası qoyulmuş Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələri arasında ümumi kinematoqrafiya məkanının saxlanması və inkişafını əsas istiqamət kimi götürüb. Forum Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələrinin kino xadimləri arasında təcrübə mübadiləsi və yaradıcılıq nailiyyətləri ilə tanışlıq üçün mahiyyət etibarilə yeganə platformadır.

Bu il Forum çərçivəsində ustad kino xadimləri, rejissorlar, dramaturqlar, operatorlar və prodüserlər kinematoqrafçıların (MDB ölkələrinin kino universitetlərinin və kino fakültələrinin tələbələri və yeni məzunları) peşəkar təhsilini təkmilləşdirəcək tematik ustad dərsləri keçirəcəklər. Bu ildən başlayaraq Forum modernləşdiriləcək və rəqabətə əsaslanan fəaliyyət mərhələsinə keçəcək. Təqdim olunan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı qeyri-bədii film”, “Ən yaxşı debüt”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı tələbə debütü” kateqoriyalar üzrə qiymətləndiriləcək.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Ermənistan olaraq yeddi ölkədən 51 filmin iştirakı üçün ərizə təqdim olunub.

Qeyd edək ki, tədbir cari ilin sentyabrında keçiriləcək.

Mənbə: https://azertag.az/