Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar – virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Füzuli rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları – tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik siyasəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Füzuli rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

Videoçarxda Azərbaycanın müasir tarixinin ən şanlı görüntüləri olan Prezident İlham Əliyev tərəfindən Füzulidə Azərbaycan bayrağının qaldırılması, burada inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsi görüntüləri də yer alır. Materiallarda Füzuli rayonunda aparılan yenidənqurma işlərinə, yüzlərlə Füzuli sakininin öz doğma torpaqlarına qayıtmalarına, bu ərazilərin yenidən dirçəlməsinə, çiçəklənməsinə dair görüntülər təqdim edilir.

17 oktyabr – “Füzuli Şəhəri Günü”nə həsr edilən virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Zəfər salnaməsi”, “Qarabulaqdan Füzuliyədək”, “Sevgilim, Vətən”, “Qarabağ Azərbaycandır!”, “Və Nida!”, “Füzuli rayonunun memarlıq abidələri”, “Füzuli rayonu: ensiklopedik məlumat kitabı” kimi 20-dən çox kitabın, “Füzuli regionun gözəl şəhərlərindən birinə çevriləcək”, “İsveçli səyyahlar Füzuli rayonunda”, “Füzuli şəhərində Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməli qoyulub” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb. Eyni zamanda, kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb.

Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Füzuli şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Baza ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Mənbə: https://azertag.az/