Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə seçmə şeirlərindən ibarət kitabın təqdimatı olacaq.
TÜRKSOY-un Azərbaycan dilində nəşr etdiyi “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.
Tədbirdə eyni zamanda “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim ediləcək.
Qeyd edək ki, Məhmət Akif Ərsoy Türkiyənin Dövlət Himni-İstiqlal Marşının müəllifidir. 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxunan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilib.
İstiqlal Marşının yazılması üçün Məhmət Akifə 500 lirə mükafat verilib, şair həmin məbləği yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayıb.
Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.
Mənbə: https://edebiyyatqazeti.az/