Heydər Əliyev adına Sarayda EMINin ənənəvi qış konserti keçirilib. Publikaya tamamilə yeni proqram təqdim olunub. Artist özünün yeni, konsert günü işıq üzü görən “44” adlı rusdilli albomundan və 2024-cü il fevralın 9-da çıxışı gözlənilən “Now Or Never” adlı ingilisdili albomundan mahnılar ifa edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Emin Ağalarovun fan-klubu tərəfindən irəli sürülən, artistin özünün və komandasının aktiv şəkildə dəstəklədiyi “Xeyriyyə bumeranqı” – xeyriyyə layihəsi həyata keçirilib. Əldə olunan bütün vəsait ağır genetik xəstəlikdən əziyyət çəkən körpə Fateh Cəhrəminin ailəsinə ötürülüb.
Bakıda EMIN ilk dəfə olaraq Müslüm Maqomayevin repertuarından, tanınmış bəstəkar Sevil Əliyevanın “On iki ay ümid” kompozisiyasını – sovet dönəmində əsl superhitə çevrilmiş əsəri ifa edib. EMIN Sevil Əliyevanın vaxtilə Müslüm Maqomayev üçün yazdığı kompozisiya ilə bağlı şəxsən ona necə xeyir-dua verməsini publika ilə bölüşüb, zalda konserti izləyən bəstəkara səmimi-qəlbdən minnətdarlığını bildirib. “Mavi əbədiyyət” mahnısı əfsanəvi Müslüm Maqomayevin xatirəsinin anılmasını harmonik şəkildə davam etdirib.
Konsertin son akkordu həm səhnədəkilərin, həm də zaldakıların birgə ifa etdiyi “Azərbaycanım” kompozisiyası olub. Ən riqqətdoğuran məqamlardan biri isə EMINin övladlarının – Əli, Mikayıl və Əminə Ağalarovların əllərində gül dəstələri ilə səhnəyə çıxmaları idi. Onlar sevimli atalarını növbəti anşlaqla təbrik ediblər.
Mənbə: https://azertag.az/