Azərbaycanın Belarusdakı səfirliyi “MAZ”-ın Mədəniyyət Sarayında təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Belarusda fəaliyyət göstərən diplomatların həyat yoldaşlarından ibarət Beynəlxalq Qadın Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən xeyriyyə yarmarkasında ölkədə akkreditə olunan diplomatik nümayəndəliklər, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri təmsil olunub.
Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyətini və turizm potensiallını əks etdirən kitablar, milli mətbəximizin bir sıra nümunələri, suvenirlər, miniatür xalçalar, eləcə də Azərbaycan məhsulları alıcılara təqdim edilib.
Qeyd edək ki, Azərbaycan stendi bu il də xeyriyyə bazarına gələnlər arasında çox böyük rəğbət və maraqla qarşılanıb.
Xeyriyyə yarmarkasında məhsulların satışından əldə olunan vəsait fiziki qüsurlu və yetim uşaqlara dəstək məqsədilə Beynəlxalq Qadın Klubuna ianə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Mənbə: https://azertag.az/