Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 95 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, hazırlanan materiallarda yazıçının həyat və fəaliyyəti, ictimai-siyasi mühitdə malik olduğu mövqe, dərin milli xüsusiyyətlərə malik yaradıcılıq nümunələri – müəllifi olduğu roman və povestlər haqqında məlumat verilib.
Videomateriallarda qədim köklərə malik Azərbaycan-Qırğızıstan mədəni əlaqələri, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyevin, akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovun Çingiz Aytmatov haqqında söylədikləri fikirlər, yazıçının layiq görüldüyü təltif və mükafatlar haqqında məlumatlar da yer alıb.
Virtual kitab sərgisində müəllifin “Çingiz xanın ağ buludu”, “Ağ gəmi”, “Mənim ilk müəllimim”, “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Dağlar yıxılanda” kimi əsərlərinin qısa annotasiyası təqdim edilib.
Əsərləri dünyanın 174 dilinə tərcümə edilən Qırğızıstanın Xalq yazıçısı, siyasətçi, diplomat Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanda anadan olub. 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.
Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-aytmatov-95
https://ryl.az/multimedia/cingiz-aytmatov yerləşdirilib.
Mənbə: https://azertag.az/