Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirən M.Nəbioğlu deyib: “Saz-söz ictimaiyyətinə “100 illiyə 100 şeir ərməğanı” kimi təqdim olunacaq kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq”.
Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.
Mənbə: https://azertag.az/