“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi.

Mərasimdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxış edərək “Youth ArtCamp Shusha and Baku” layihəsinin məhz Şuşa şəhərində təşkilinin əsas məqsədinin davamlı sülhün təbliğ edilməsi olduğunu vurğuladı. Hedva Ser həmçinin sözügedən layihənin mədəni dialoqların qurulmasına şərait yaradacağını bildirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin eksperti Murad Məmmədov tədbirdə çıxış edərək Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihənin mühüm əhəmiyyətindən bəhz etdi.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov çıxış edərək Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihənin xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edildiyini qeyd etdi.

Tədbirdə həmçinin Azərbaycanlı rəssam Əsmər Nərimanbəyova çıxış etdi və layihənin işğaldan azad olunmuş ərazilərdə təşkilinin tarixi hadisə olduğunu vurğuladı.

Mənbə: https://culture.gov.az