Bu il Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin qurucusu və ilk sədri Hüseyn Arifin anadan olmasının 100 illik yubileyi tamam olur. Görkəmli söz ustadının yubileyinin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq yubiley tədbirlərinə start verilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı btünlüklə Hüseyn Arifə həsr olunacaq. Xalq şairinin həyat və yaradıcılığına ayna tutacaq verilişdə aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Əfsanə Kərimli, Şahin Süleymanov, Azər Əkbərov, Nemət Əliyev, Sehran Əbülfəzqızı, Ruslan İbrahimoğlu, Mehdi İncəli və Əlizamin Kəlbəcərli “Mina gəraylı”, “Hüseyni”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Ağır şərili”, ”Cəlili”, “Ovşarı” və digər aşıq havaları üstündə Hüseyn Arifin şeirlərini ifa edəcəklər.
Mənbə: https://azerab.az/