
İyunun 26-da Budapeştdə fəaliyyət göstərən Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, qlobal .ART domen reyestri tərəfindən təşkil olunub.
Tədbirdə Etnoqrafiya Muzeyinin direktor müavini Dr Gábor Vere, Azərbaycan Milli Xalça Muzeyinin direektoru Əminə Məlikova və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış ediblər.
Bildirilib ki, bu sərgi Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə, eyni zamanda, Azərbaycan xalçaçılıq məktəbinin və müasir incəsənətinin beynəlxalq auditoriyaya tanıdılmasına mühüm töhfə verir. Qeyd edilib ki, ənənə ilə müasir yaradıcılıq arasında qurulan bu dialoq Azərbaycan mədəniyyətinin davamlı inkişafını və onun ümumbəşəri dəyərlər sistemindəki yerini aydın şəkildə nümayiş etdirir.
Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələ XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir. Ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olurlar. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam Çingiz Babayevin müasir bədii axtarışlarını əks etdirən əsəri təqdim olunur. Bundan əlavə, multidissiplinar rəssam Mədinənin material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığına xüsusi yer ayrılıb.
Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri və immersiv sərgi dizaynı ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır. Monumental xalçalar, müasir rəngkarlıq əsərləri və rəqəmsal instalyasiyalar keçmişlə bu gün arasında canlı dialoq yaradır.
Azərbaycan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin və mühüm mədəni irsimiz haqqında dolğun və yaddaqalan təəssürat formalaşdıracaq.
Sərgi iyulun 26-dək davam edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Mənbə: https://azertag.az/