“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Saat səhərə yaxın,
Gün düşdü damın üstən.
Bir səhər de açıldı
Ötən axşamın üstən.
Bu gün dünəndən qalan
Fikrimin şəri gedir.
Bir az düşüncəliyəm,
O da ki, geri gedir.
Baxdım özümdən başqa
Mənə qalan kimsə yox.
Bu nə pərişanlıqdı?
Dedim, bir gülümsə, yox.
Nə yalan deyim, bir az,
Bir az səni gözlədim.
Gördüm ki, bir xəbər yox,
Durdum, basdım bağrıma
Özümü əzizlədim.

* * *

Bir az anlamışdı məni-
Bəlkə də mən elə bildim.
Yenə şükür, çıxıb ondan
Mən özümə gələ bildim.

Bu yolun yol ayrıcından
Ayrılıq düzəldi mənə.
Onunla pis deyil həyat-
Onsuz da gözəldi mənə.

Olubdu, əlbət, olubdu
Qaldıqlarım, getdiklərim.
İki sətirlik adamdı
Mənim şeir etdiklərim.