
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
İçimi silkələdi ordumuzun zəfəri,
Qəlbimin dağlarında ildırımlar oynadı…
Məni xoşbəxt elədi bu qələbə xəbəri,
Uçum-uçum uçundum,
gözümdən yaş qaynadı…
Xirtdəyimə söykənən həsrət dönub qılınca,
Ömrün bu qış çağında qismətim bahar imiş…
Durub qaçmaq istədim ayaqları yalınca,
İlahi, gözlərimdə nə qədər yaş var imiş!
Cavan idim bir zaman, indi qoca kişiyəm,
Bax qəlbimdə sızlayan çata, məni, bağışla.
Doğma yurdum, viranə qalan evim-eşiyim,
Qəbri uçan, ot basan ata, məni bağışla!
Heç bilirsən qınından qılınc kimi sıyrılan
İnsanları görəndə nələr gəlir ağlıma?
Səndən gözləri yaşlı uşaq kimi ayrılan
Nəvələri ağsaçlı qoca görüb, ağlama!
Bu taleyə tab etməz, qəlbi kövrələr daşın,
Qədərin oyunları bizi salıb çətinə.
İki oğlun, sevimli bacın, həyat yoldaşın,
Gələ bilməyəcəklər bir də ziyarətinə…
Sellər, sular süzülür saçlarımın qarından,
Yaralı xatirələr gur gürşada tələsir…
Otuz il silələnən həsrət buludlarından
Yağan isti yağışlar Bərgüşada tələsir…
04.10.2020