Yavaş-yavaş tərk edirsən-
qəribsəyir sahillərin,
baş alıb hara gedirsən,
ərköyün, dəcəl Xəzərim?

Gedsən barışmaz səninlə-
Bakı baş qoyub sinənə,
azalmaq yaraşmaz sənə-
ləpələri ləl Xəzərim.

Oynama yaddaşımızla,
sənli arzularımızla,
adın bağlı adımızla,
varlığı gözəl Xəzərim,

Qırılar ümidim biraz,
sənsiz həyat gözəl olmaz,
kimə sığınar Kür-Araz?
bir imana gəl, Xəzərim..