
Adamı adamdan asırlar indi,
Çoxdan dəbdən düşüb dar ağacları…
Uşaqlıq gözəlmiş…
Duru inanıb
Suya söyləyərdik tüm arzuları…
Böyüdük…
Böyütdük arzuları biz,
Bilmədik, arzunu şamdan asırlar…
İnsan cücərdirik inam içində,
Çürüdür ruhları həmin insanlar,
Dam tikib veririk ümid rəngində,
Bizi elə həmin damdan asırlar…
Yoxdan var düzəldib,
“Var!” deyirik ha,
Bizim ömrümüzü yoxa çıxarır…
Az olmur, çarmıxa çəkilir ürək,
Biz sadələşib, adam olduqca,
İnsan var, özünü “çox”a çıxarır…
… Beləcə, edirlər, susurlar indi…
Adamı adamdan asırlar indi…
Əntiqə Kərimzadə