13314_src-300x207

SÖZƏ SÖYKƏNDİM

Bir sevən ürəyin mülküdür hər eşq,
Hər eşqdən od alıb,közə söykəndim.
Yıxılmayım deyə qalxdığım dağdan,
Cığıra əl atdım,izə söykəndim.

Vurulmaq qorxusu varsa canında,
Coşar damarında axan qanın da.
Nadan qabağında,naşı yanında,
Dosta arxalandım,sözə söykəndim.

Elə yaraşır ki dağlar bu kəndə,
Bu kəndə kim gəlsə,düşər kəməndə.
Nağıl danışanda,dastan deyəndə,
Qələmə üz tutdum,saza söykəndim.

AHIM DODAQLARDA TUMURCUQLAYIB

Ahım dodaqlarda tumurcuqlayıb,
Əyibdir başını dar ağacları.
Əlvida deməyə yol ayrıcında,-
Divanə ruhumu saxlayın barı.

Payız havasına köklənib deyə,
İçində oxuyur hər sarı yarpaq.
Qürub Günəşinin şəfəqlərini,-
Bağrına nə gözəl basıbdir torpaq.

Üz tutub qürbətə durna köçü də,
Gülüb göz eləyir çən,duman dağa.
Yaşanmış günlərdən gəl ocaq çataq,-
Bahar sevdamızı qarşılamağa…

SOLĞUN ÇİÇƏKLƏRDƏN EV QURUB KEÇDİN

Belə çox qınadım bu ötən yaşı,
Gələn günlərimdən xeyir tapınca.
Çox qələm dəyişdim,çox varaq cırdım,
Bir ulu,ilahi şeir tapınca.

Bir dastan yaratmış hər sevgi andı,
Lalənin bağrı da sevgidən qandı.
Könlüm qəhərləndi,gözüm sulandı,
Özgə baxışında sehr tapınca.

Adıma çıxınca bu qürub,keçdin,
Solğun çiçəklərdən ev qurub keçdin.
Könlümə neçə yol baş vurub keçdin,
Eşq nəzir qoymağa sən pir tapınca.