Yusuphas_hajip

Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib; 1020 — 1075) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur “Qutadqu-bilik” əsərinin müəllifi.
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi çevirmək olar. “Qut” səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1015-1018-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib. 1068-ci ildə Qaşqar şəhərinə köçüb. Orada 18 ay ərzində bu əsər üzərində işləyib və 1069-cu ildə “Qutadqu-biliy”i Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdahı Tabğaç Buğra xaqana ərmağan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir.
Ərəb və tacik (fars) dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislərin fikrincə “Qutadqu biliy”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur. “Qutadqu biliy”in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır.
Əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində, əvvəlcə, Uyğur əlifbasından istifadə edilirdi. Sonra isə dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə edilməyə başlandı. Bu səbəbdən “Qutadqu-bilik” bir dünya görüşündən digər dünya görüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu amilin ona müəyyən qədər təsir göstərdiyi şübhə doğurmur. “Qutadqu-bilik” əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. Ağıllı və adil hökmdar arzusu, ümumiyyətlə, bütün türk dünyasını, türk xalqlarını qədimlərdən narahat edən ən ağrılı problemlərdən olub. İstər bizə qədər gəlib çatan ən qədim şifahi xalq ədəbiyyatında, istərsə də ilk qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub. “Qutadqu-bilik”də isə bu ideya özünü bütün varlığı ilə büruzə verir. Əsərin müəllifi Yusif Has Hacibin yaşadığı dövr müəyyən qədər ziddiyyətli dövr idi. Müxtəlif türk tayfaları arasında hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, şübhəsiz ki, adil, ağıllı və güclü hökmdar məsələsini zərurətə çevirmişdi. Daxili çəkişmələrdən qurtarmaq, mənasız yerə qardaş qanının tökülməsinin qarşısının alınmasını istəyənlərdən biri də, şübhəsiz ki, “Qutadqu-bilik”in müəllifi olub. Daxili çəkişmələrə “Qutadqu-bilik”in sonlarında yer alan “Zəmanənin çürüklüyünü və dostların cəfasını söylər” başlıqlı bölümdə açıq şəkildə işarə vurulub. “Qutadqu-bilik” keçmiş təcrübədən istifadə etməklə gələcəyi qurmaq kitabıdır.
Yusifin bu əsəri hansısa hökmdarın xahişi ilə yazıb-yazmadığı və ya bunu qəlbinin hökmü ilə edib-etmədiyi də, hələlik, məlum deyil. Məntiqi baxımdan, əsərin sifarişlə yazılmasını iddia etmək olar. Çünki o vaxt Yusif həm Qaraxanlı dövlətində, həm də ondan xeyli uzaqlarda – bütün Şərq dünyasında tanınan və hörmət edilən bir şəxs idi. O dövrdə xaqanlar və hökmdarlar öz adlarının əbədiləşdirilməsi üçün tanınmış yazarlara özlərinin nəsillərinin və idarə etdikləri dövlətin tarixini, öz dövrlərini qələmə almaq üçün sifariş verirdilər. Ola bilsin ki, Yusif də belə bir sifariş alıb. Ancaq təəssüflər olsun ki, əsərin heç yerində buna vurulan hər hansı bir işarəyə rast gəlmirik. Bəlkə də, müəllif bunu əsərin girişində qeyd edib, ancaq kimlərinsə əli ilə bu, əsərdən çıxarılıb.
“Qutadqu-bilik” kimi bir əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Bu əsərin yazılmasında iki amildən biri – ya hansısa hökmdarın sifarişi, ya da müəllifin adil hökmdar arzusu əsas rol oynayıb. Əsərin hansı səbəblə yazılmasından asılı olmayaraq, o, həqiqətən də, çox qiymətli bir əsər kimi tarixdə qalıb. Əgər əsərə bu günkü baxımdan yanaşsaq, onu mahir bir hüquqçunun qələmindən çıxan konstitusiyaya bənzətmək olar. Hər halda, müəllifin cəsarətinə və ağıllı hökmdar haqqında söylədiklərinə heyran qalmamaq olmur. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörüşünə və təfəkkürə malik olduğunu bir daha göstərir. Bu, Yusif Has Hacibin əbədiyyətə qovuşması deməkdir. Əslində “Qutadqu-bilik”də türk xalqlarının, imperatorluqlar quran böyük və əzəmətli bir millətin dövlət anlayışı və dövləti idarə etmək praktikası qələmə alınıb. Əsəri bu baxımdan türklərin tarix boyu yaratdıqları sivilizasiyaların, türk zəka və təfəkkürünün mahir bir bilicisi, tükənməz təfəkkür sahibi tərəfindən qələmə alınan əvəzsiz, ölməz sənət abidəsi hesab etmək olar.
10-13-cü əsrlər olduqca qarışıq və ziddiyyətli, eyni zamanda intibah dövrüdür. “Qutadqu-bilik” belə bir intibah dövründə yazılıb və şübhəsiz ki, bu da əsərin mahiyyətinə öz təsirini göstərib. Əsərin “Bəyliyə (hökmdarlığa) layiq bir bəyin necə olması (idarə etməsi) gərəkliyini söylər” adlı bölməsində dövlətin idarə olunması ilə bağlı olduqca ibrətamiz məsləhətlər var:
Bəy məmləkəti qanunla idarə edər və ağıllı bir idarəetmə siyasəti yeridər. Xalq hökmdara baxaraq, ondan özü üçün nümunə götürər.
Bəy adət-ənənəyə necə riayət edərsə, xalq da eyni şəkildə riayət edər. Bəylər hansı yoldan getsə, qul da o yoldan gedəcək.
Bəy doğru olmalı, sözləri və hərəkətləri bir-birinə uyğun gəlməlidir. Belə olsa, xalq əmin-amanlıq, sülh şəraitində yaşayacaq.
Bəy adil olmalıdır. Əgər bir bəy uzun müddət ölkəni idarə etmək istəyirsə, onda ölkəni ədalətlə idarə etməli və həqiqəti müdafiə etməlidir.
Bəy həyalı, ismətli və namuslu olmalıdır. Bəy təkva sahibi və təmiz olmalıdır. Əgər bəy düz olmasa, əxlaqını qorumasa, onda ölkə fəlakətə sürüklənər.
Bəy cəsur və qəhrəman olmalı, xalqının da özündən nümunə götürməsinə cəhd etməlidir. Bəyi qorxaq olan dövlət məhvə və dağılmağa məhkumdur.
Bəy səbirli, sakit və təmkinli olmalıdır. O, səbirlə, əsəbiləşmədən, ağılla iş görməlidir. Bütün bunlar bəy üçün bir Allah vergisidir.

Mənbə

Yusif Balasaqunlu — Min beş yüz ilin Oğuz şeri, Antologiya.
Yusif Balasaqunlu. Qutadğu bilig. Bakı: “Avrasiya Press”, 2006.
“Yusif Balasaqunlu”, Reha Yılmaz

“Kutadqu bilik” əsəri haqqında

Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Kutadqu bilik” poemasıdır.Poemanın müəllifi Yusif Xas Hacib Balasaqunludur.Müəllif bu əsəri 18 ay ərzində yazıb.Poemanı 1069-cu ildə tamalayıb.Əsəri Qaraxni dövlətinin hökmdarı Süleyman Arslan Qaraxana həsr edib.Hökmdar bu poemanı yüksək qiymətləndirib.Əsərin müəllifinə “Xas Hacib” fəxri adını verib.
“Kutadqu bilik” poeması 85 bölmə və 6520 beytdən ibarətdir.Şeirlər əsasən dördlük şəklindədir.Dil və üslub baxımından Mahmud Kaşğarinin “Divani-lüğət it-türk” əsəri il yaxından səsləşir.Əruz vəzninin mütəqarib bəhrində yazılıb.Bu əsər əxlaqi-didaktik mövzudadır.
Poemanın “Kutadqu bilik” adlanması da təsadüfi deyil.Müəllif özü bu əsər haqqında yazır: “Bu kitabı oxuyan kutlu olsun.Kitab onun əlindən tutsun”.Bu əsəri Azərbaycan dilinə Ramiz Əsgər və Kamil Əliyev tərcümə edib.
Bu poemanın elm aləmində üç nüsxəsi var:
1.Vyana nüsxəsi 2.Qahirə nüsxəsi 3.Fərqanə nüsxəsi