1460002_227674277401365_1286119474_n

GİZLƏNMİŞƏM

Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə, gizlənmişəm!

Qaraya ağ demişəm,
Nahaqqa, haqq demişəm.
Haqqa, nahaq demişəm,
Suçumda gizlənmişəm.

Özümdən geri qaçıb.
Qırxımdan diri qaçıb.
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.

Tarixi daşlaşdırıb.
Ruhumu yadlaşdırıb.
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.

Çöl üzümdə biçim var,
Aralıqda seçim var.
“Iki dunya” içim var,
Içimdə gizlənmişəm!

GÖRMƏDİNMİ

Tarixlərdən qopan eşqim,
Yaddaşlara hopan eşqim.
Varlığımı tapan eşqim,
Məni məndə görmədinmi?

Xəzan olmuş bağ kimiyəm,
Haqq deyiləm, haqq kimiyəm.
Əyilməyən dağ kimiyəm,
Çəni məndə görmədinmi?

Yoxdu səndə qayda, qanun,
Dayansam da bəzən susqun.
Dəli deyib, dəli Məcnun,
Ünü məndə görmədinmi?

Dərd əyləşib dərd üstündə,
Dərdim tarix, yeni gündə.
Köhnə Fərhad külüngündə,
Yəni məndə, görmədinmi?

Demə, sənsiz azadmışam,
Səni azad yaşatmışam.
Mən, məndə sən yaratmışam,
Səni məndə görmədinmi?

MƏNİ

Bir tək həyat, min bir günah,
Zülmət gecə, nursuz sabah.
Qarşıma çıx, görsən hərgah,
Tanımazsan əsla məni!

Nəfsim hissimə kabusdur,
Cismim torpağa məhbusdur.
Ruhum Allaha məxsusdur,
Tərk etməz bu sevda məni!

Bir yol nurum haqdan yana,
Mənə dayaq haqq dayana.
Mən də dursam haqdan yana,
Yaşatmaz bu dünya məni!

Ya Rəbb, bu ki, müəmma, sirr?!
Cismim sözdür, ruhum şeir.
Qələminlə sən, ey şair,
Yazdın misra-misra məni!

OLDU

Yol bir gedir göylərə,
Min sirr gedir göylərə.
Gedən nədir göylərə?
Ona tamahim oldu!

Tamah etdim, doymadım,
Min ah etdim, doymadım.
Günah etdim doymadım,
Bu da günahım oldu!

Döndü dövran içimdə,
Sındı vicdan içimdə.
Bəlkə, şeytan içimdə –
gizlənib… ruhum oldu?!

Vücud aciz, ruh kölə,
Dedim dayan, döz hələ!
Dözdümsə də bir belə,
Səbr silahım oldu!

Gah qaçdım, gah yıxıldım,
Haqq evinə yaxındım.
Çatıb haqqa sığındım,
Tanrı pənahım oldu!