Sevinc Yunuslu 1990-cı il may ayının 12-də Qazax rayonunda anadan olub.1996-2007-ci illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.
Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
YAZ GƏLƏ
Otən qış ötdü şaxtal
Dedim, dedim ki yaz gələ.
Unut məni çıxım gedim
Gedim, gedim ki yaz gələ.
Göz yaşımdı yağan yağış
Sevgi bəzək, sevgi naxış.
Gərək vüsalına bu qış
Yetim, yetim ki yaz gələ.
Qışdan qışı dərib bahar
Ömrünə göndərib bahar.
Bu qışı döndərib bahar
Edim, edim ki yaz gələ.
***
Bu yatdığım quş yuvası,
Yuxulardan oyat məni.
Hər gecə yaz yağışıyla
Gözlərində yu, yat məni.
Bitib pir olan inamım,
İtib sir olan inamım…
Yalvarıram, qoy inanım,
Bir yalan de, uyut məni.
Ağlayır, gözüm qanayır,
İçimdə dözüm qanayır…
Gedirəm, izim qanayır,
Unut, unut, unut məni.
GİZLƏNMİŞƏM
Payızın kölgəsində
Qış olub gizlənmişəm.
Yarpaqlar arasında
Quş olub gizlənmişəm.
Gəlmişəm ki, qəm yeyəm.
Nə bilmişəm cəm deyəm?
Qara gözlərindəyəm,
Yaş olub gizlənmişəm.
Göz yaşımdı bulaqda
Qalmışam bir qıraqda.
Mən burdayam, bu dagda
Daş olub gizlənmişəm.
YOXA VARDIN
Bu sevdanı qanmadım,
Yuxuydun, yoxa vardın.
Sən hec zaman yanımda
Yoxuydun, yoxa vardın.
Tutammadıq əl-ələ,
Aglama görək hələ,
Sevdasız ürəklərə
Çox uydun, yoxa vardın.
O göy buluda köcdün,
Gəlib könlümdən kecdin.
Göz yaşlarımı içdin,
Toxuydun, yoxa vardın.
GƏTİRDİN
Gəldin də,yağış gətirdin.
Ömrün yağışlı olmasın.
Gözlərimə yaş gətirdin,
Gözlərin yaşlı olmasın.
Sənsiz qalıb könül xanam,
Qıyma ki, həsrətdə yanam.
Sən gələn yola qurbanam
Yolların daşlı olmasın.
Bu nə yagış tökur göydən?
Göz yaışmı götur göydən.
Bir az günəş gətir göydən
Baharım qışlı olmasın..