Toplantıda DGTYB Yönətim Kurulunun başqanının I yardımçısı Əfsanə Bayramqızı, Yönətim Kurulunun üvləri, gənc şairlər İntiqam Yaşar, Emil Rasimoğlu, Zamir Erkin, Samir Səyyadoğlu, Mərkəzi Dənətim Kurulunun üzvü Təhməz Zabit, eləcə də üzv olmaq üçün “diləkçə”lərini təqdim edən Zaur Sahil, Nofəl Ümid, Sərvər Kamranlı, Günel Gün, İradə Xəyalə, Zöhrab Vasifoğlu, Amil Ağayev, İltimas Səmimi, Kənan Aydınoğlu, Samir Ufuk, Əli Hüseynov iştirak ediblər.
Toplantıda cari məsələlər, o cümlədən üzvlük üçün YK-ya daxil olmuş “diləkçə”lər müzakirə edilib. Üzvlük üçün müraciət edən gənc yazarlara Dünya Gənc Türk Yazarlar Birliyinin yaranma tarixi, bu günə qədər həyata keçirdiyi layihələr barədə ümumi məlumat verilib. Sonra “diləkçə” təqdim edən gənc yazarların hər birinə söz verilib.
Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənc yazarların hər biri özü haqqında qısa məlumat verdikdən sonra şeirlərini oxuyublar. Yönətim Kurulunun üzvləri hər bir səslənən şeir haqqında öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda Emil Rasimoğlu üzvlüyə qəbul olunan gənc yazarların siyahısının yaxın günlərdə elan olunacağını, üzvlüyə qəbul olunan gənc yazarlara aprel ayının əvvəllərində üzvlük vəsiqəsi veriləcəyini bildirib.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.