Saqif QARATORPAQ

* * *

Hər səhər tezdən durub
Qaçırsan iş dalınca.
Axşamlar güclə yetir
Başın soyuq balınca.

Tale kəpənək kimi
Gör necə qovur səni.
Bu səs-küyün içində
Axı kim duyur səni?

Mən də sənin günündə,
Bəlkə səndən betərəm.
Qarışıb adamlara
Küçələrdə itərəm.

Məni görmək çox asan,
Məni görmək çox çətin.
Keçib getdin yanımdan,
Məni niyə görmədin?

* * *

Deyirlər yuxuda sayıqlayıram
Hərdən kiminsə də çəkib adını.
Hardasan,ey bəyaz yuxularımın,
Səyyar xəyalımın xoşbəxt qadını?

Bəlkə də heç məndən yoxdu xəbərin,
Bəlkə də nağıllar qucağındasan.
Əlimi uzatsam çatarmı sənə,
Hansı bəxtəvərin ocağındasan?

Toxundu daşlara baxtın gəmisi,
Neyləyim batırdı bu dəniz məni.
Nə olar tək-tənha qoyub getməyin
Nə vaxtsa yuxuda görsəniz məni.