575949_448528385223558_1371442086_n

HƏR GÜN ÜRƏYİMİ SİZƏ ATIRAM

Rəsmin gözlərimə düşdü dənizdən,
Gördüm eşq boylanır burda hər izdən.
Pərdəsi çəkilən pəncərənizdən.-
Hər gün ürəyimi sizə atıram.

Quşlar eşələnir alın tərimdə,
Dolaşır dünyanı bu xəbərim də
Əllərim dustaqdır boş ciblərimdə,
Çırpınıb özümü sözə atıram.

Ahımdır həmdəmi quzeydə qarın,
Kim olmaz heyranı bu etibarın?
Yerini vermədi köhnə dostların,
Təzə dostlarımı təzə atıram.

GƏL SEVDA DURUŞLUM,AYRILIQ BOYLUM

Gəl sevda duruşlum,ayrılıq boylum,
Düşüm gözlərindən,yaxınlaş mənə.
Görək baxışların nə pıçıldayır,-
Belə nə söyləyir o göz-qaş mənə?!

Hər açıq sərhəddən bir vətən keçir,
Vətənə qoşulub hər yetən keçir.
Yollar qanadlanıb üstümdən keçir,
Əlvida deyən yox vətəndaş mənə.

Mən zirvə həmdəmi,sən uca dağım,
Dağlardan üzüldü əlim-ayağım.
Sözə söykənmişəm,sözdür dayağım,
Oyuncaq görünür hər savaş mənə.

GÖZÜM XUMARLANDI SIĞALLI SAÇDA

Ürəkdən su içib sözə dad gəlib,
Dodağı nəğməli,könlü şad gəlib.
Döşündə telli saz,bir ustad gəlib,
Döyüşdən danışır,zəfərdən deyir.

Gözüm xumarlandı sığallı saçda,
Dillən,qəlbim kimi sən də dil aç da.
Hamı bir istəkdə,bir ehtiyacda,
Sənə gətirdiyim xəbərdən deyir.

Paslanmış qılıncam sığmaram qına,
Məni bundan belə meydanda sına.
Sərhəd tellərini basıb bağrına,-
İgidlər nəğməni səngərdən deyir.

LALƏLƏR ŞAM TUTUB XAL ARASINDA

Külək yaxasını açıb çəmənin,
Lalələr şam tutub xal arasında.
Cənnətdi,behiştdi,ayrı nə deyim?-
Belə qucaq olmaz qol arasında.

Bənövşə qoxusu xoşdur cana ki,
Kim dərsə,əlləri batar qana ki.
Belə nə baxırsan yana-yana ki,-
Gülüm, nə durmusan kol arasında?

Ömürdür yaşanmış günlərin adı,
Hər yaşda başqadır sevginin dadı.
Ayaq izlərim də tumurcuqladı,-
Arxamca uzanan yol arasında.

GÖZÜMDƏ QIŞLANAN ÇİÇƏK KİMİSƏN

Elə gözəl getdin,gözəl ayrıldın,
Unutdum çəkməyə həsrətini də.
Sevib günahına batdığın eşqin,-
Ahını çəkməkmiş ən çətini də.

Gözümdə qışlanan çiçək kimisən,
Baharı gözləmək yadından çixib.
Sənin baxışında aynalanmağa,-
Ruhumla qol-boyun ayrı can çıxıb.

Çarmıxa çəkilən yol ayrıcıyam,
Gülür ayrılığın dan üzü burda.
Qəriblər nə gözəl səcdəyə gəlib,
Bu qürbət bayrağı sancılan yurda.