Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. Qızı Sevinc Hüseynli APA-ya deyib ki, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib. Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.
İsa Hüseynovun ailəsi onun dəfn yerinin də dövlət qurumları ilə bu gün müzakirə edəcək.
Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğanna (Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib.
Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə qədər qələmini yerə qoymayan “İdeal” yazarımız Ağstafada orta məktəbi bitirəndən sonra BDU nun Filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru , “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.
İsa Muğannanın ”Məhşər”, İdeal” və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.
İsa Hüseynovun ssenariləri əsasında “Tütək səsi”, “26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.
Xalq yazışısı, “İstiqlal” ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi “Nəsimi” mükafatına layiq görülüb.Bu onun son mükafatı idi. Ən böyük mükafatı isə oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən korifey yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı.
İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.
Allah rəhmət eləsin!